Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə olunan dövri elmi nəşrlər qarşısında bir sıra tələblər qoymuşdur. Müəlliflərdən məqalə göndərərkən həmin tələbləri nəzərə almalarını xahiş edirik.
1. Jurnalda digər nəşrlərə təqdim edilməmiş, yeni tədqiqatların nəticələri olan və jurnalın profilinə uyğun elmi məqalələr dərc edilir. Müəllif məqalə ilə birlikdə onun dərcinin məqsədəuyğun olmasına dair elmi rəyi də təqdim etməlidir.
2. Məqalələr Azərbaycan, rus və türk dillərində redaksiya@scwra.gov.az ünvanına elektron variantda göndərilməlidir. Məqalələrin mətnləri yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1,5 sm məsafə gözləməklə Times New Roman – 12 şrifti ilə 1 intervalla yığılmalıdır.
3. Məqalənin yazıldığı dil də daxil olmaq şərti ilə 3 dildə xülasəsi verilməlidir. Məqalələrin həcminin 10-12 səhifə, xülasələrin 5-8 sətir olması tövsiyə edilir. Xülasələrdə məqalənin yazılma məqsədi, metodologiya, elmi yenilik də göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllif və ya müəlliflərin adı göstərilməlidir.
4. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə verilməlidir.
5. Məqalədə müəllifin işlədiyi müəssisə(lər), həmin müəssisə(lər)nin ünvanı, müəllifin vəzifəsi, elmi dərəcəsi və elektron poçt ünvanı göstərilməlidir.
6. Məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.
7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olunmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və [1, s.119] kimi işarələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad edilərsə, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Eyni məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.
9. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.
10. Məqalələr antiplagiat proqramı ilə yoxlanıldıqdan, rəyçilərin gizli rəyindən sonra sahə redaktoru və ya redaksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa təqdim olunur.
Qeyd edək ki, “Dövlət və Din” jurnalı ildə 3 dəfə elektron variantda təqdim olunur. Hər bir məqalə üzərindəki iş bir neçə mərhələdən ibarətdir. Məqalələrə baxış proseduru 2 ay çəkir.
Yuxarıda göstərilən şərtlərə uyğun gəlməyən məqalələr redaksiya heyəti tərəfindən qəbul edilmir.