Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibini qəbul edib
Second slide

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev münasibətlərimizin dərinləşdirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edərək, özünün 2020-ci ildə Vatikana səfərini və Pietro Parolin ilə görüşünü, həmçinin Roma Papası Fransiskin ölkəmizə səfərini məmnunluqla xatırladı.

Dövlətimizin başçısı Kardinal Pietro Parolinin səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyi vurğuladı.

Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən kardinal Pietro Parolin Roma Papası Fransiskin salamlarını və ən xoş arzularını, həmçinin ölkəmizdə katolik icmaya göstərilən diqqətə görə təşəkkürünü dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin açılmasını qeyd etdi.

Kardinal Pietro Parolin səfirliyin açılmasına görə təşəkkürünü bildirdi, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı.

Söhbət zamanı Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Kardinal Pietro Parolin ölkəmizdə dini abidələrin bərpası istiqamətində görülən işləri vurğuladı, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdi.

Полезные ссылки

© www.dovlet-din.az